---
title: "📁 11. İmtina, geri qaytarılma və təzminat: Birmarket satıcılarının bilməli olduğu qaydalar"
canonical: "https://edu.business.umico.az/space/PR/910917633/%F0%9F%93%81+11.+%C4%B0mtina%2C+geri+qaytar%C4%B1lma+v%C9%99+t%C9%99zminat%3A+Birmarket+sat%C4%B1c%C4%B1lar%C4%B1n%C4%B1n+bilm%C9%99li+oldu%C4%9Fu+qaydalar"
format: markdown
---
---

### [Перейти на Русский язык](https://edu.business.umico.az/space/knowledge/18514233/%F0%9F%93%81+1.+%D0%9E%D0%B1%D1%89%D0%B0%D1%8F+%D0%B8%D0%BD%D1%84%D0%BE%D1%80%D0%BC%D0%B0%D1%86%D0%B8%D1%8F)   


Alıcı sifarişdən imtina etdikdə və ya artıq təhvil aldığı məhsulu qaytardıqda, satıcı məhsulu necə geri qəbul etməli, vəziyyətini necə yoxlamalı, zərurət yarandıqda təzminatı necə almalı və məhsulu Birmarket anbarından necə götürməli olduğunu bilməlidir.

Bu məqalədə belə hallarda satıcının hansı ardıcıllıqla hərəkət etməli olduğunu izah edirik. İlk olaraq **imtina edilmiş sifariş** və **alıcı tərəfindən qaytarılma** anlayışlarının fərqinə baxaq. Çünki məhsulun yoxlanılması qaydası və təzminatı almaq imkanı bundan asılıdır.

**İmtina edilmiş sifariş** — alıcının çatdırılma və ya təhvil zamanı sifarişi qəbul etməkdən imtina etdiyi vəziyyətdir. Bu halda məhsul alıcıya təhvil verilmir və Birmarket anbarına qaytarılır.

**Alıcı tərəfindən qaytarılma** — alıcının məhsulu artıq təhvil aldıqdan sonra onu geri qaytarmaq qərarına gəldiyi vəziyyətdir. Məsələn, məhsul alıcıya uyğun gəlməyib və ya alıcı fikrini dəyişib. Bu halda məhsul alıcıda olduqdan sonra yenidən anbara qaytarılır.

Bu iki vəziyyət arasındakı fərq vacibdir, çünki məhsulun yoxlanılması və təzminat barədə qərar bundan asılıdır.

### 📄 11.1 Qaytarılmanın iki növü və onların fərqi

| Nə yoxlanılır? | İmtina edilmiş sifariş | Alıcı tərəfindən qaytarılma |
| --- | --- | --- |
| Məhsul alıcıda olub? | Xeyr | Bəli |
| Məhsul hansı vəziyyətdə qaytarılmalıdır? | Əlavə zədələr olmadan | Məhsulun qablaşdırması açılmış, məhsul yoxlanılmış və ya ölçü üçün sınanmış ola bilər |
| Nə yoxlanılır? | Məhsulun Birmarket anbarına geri qaytarılması zamanı vəziyyətinin dəyişib-dəyişmədiyi | Məhsulun nə vaxt və kimin təqsiri üzündən əmtəə görünüşünü itirdiyi: satışdan əvvəl, alıcıda olduğu müddətdə, yoxsa qaytarılma zamanı |
| Təzminat məsələsi necə həll olunur? | Məhsul yeni zədələr olmadan qaytarılıbsa, təzmiant nəzərdə tutulmur. Məhsul çatdırılma zamanı itirilib və ya zədələnibsə, yoxlama aparılır və nəticəyə əsasən təzminat barədə qərar qəbul edilir. | Məhsul lazımi vəziyyətdə qaytarılıbsa, təzminat ödənilmir. Alıcının və ya logistikanın təqsiri üzündən zədələnibsə, qismən və ya tam təzminat mümkün ola bilər. Zavod qüsuru olduqda təzminat ödənilmir. |

**Vacib:** təhvil-təslim aktının imzalanması məhsulu qəbul etdiyinizi təsdiqləyir, lakin onun vəziyyəti ilə razı olduğunuz demək deyil. Zədə aşkar etdikdə, müəyyən edilmiş müddətdə iddia təqdim etmək hüququnuz var.

**📄 11.2 Məhsulu qəbul etmək sizin öhdəliyinizdir**

Qaytarılan məhsulu sizə ilk dəfə təhvil verməyə cəhd edildikdə — istər kuryer, istərsə də Birmarket anbarı tərəfindən — qəbul etməlisiniz.

**Bu nə üçün vacibdir?** Qaytarılan məhsul sizin mülkiyyətiniz olaraq qalır. Birmarket məhsulun sizə qaytarılmasını təşkil edir, lakin məhsulun sahibi olmur. Buna görə məhsulu geri qəbul etməli, vəziyyətini yoxlamalı və siz onu təhvil verərkən hansı vəziyyətdə olduğunu müəyyən etməlisiniz.

Məhsul tərəfinizdən qəbul edilməyənədək onun vəziyyəti ilə bağlı iddialara baxılmır. Buna görə məhsulu qəbul etməkdən imtina etmək problemi həll etmir, əksinə, vəziyyətə baxılmasına mane olur.

**Vacib:** məhsulun qəbul edilməsi onun vəziyyəti ilə razılaşdığınız demək deyil. Məhsulu təhvil alarkən zədə, başqa məhsulla əvəzlənmə və ya digər uyğunsuzluq aşkar etsəniz, müəyyən edilmiş qaydada iddia təqdim edə bilərsiniz.

**✅ Məhsulu qəbul edərkən nə etməyinizi tövsiyə edirik**

- Gözlə görünən uyğunsuzluqları təhvil-təslim aktında qeyd edin.
- Məhsulun və qablaşdırmanın fotoşəkillərini çəkin, videoya alın.

**❌ Məhsulu qəbul edərkən nə etməməlisiniz**

Aşağıdakı səbəblərə görə məhsulu qəbul etməkdən imtina etməyin:

- məhsulun zədələnməsi;
- komplektin natamam olması;
- qaytarılma səbəbi ilə razılaşmamağınız;
- məhsulun başqası ilə əvəzlənməsindən şübhələnməyiniz;
- təzminat barədə qərarı gözləməyiniz.

**Buna baxmayaraq məhsulu qəbul etməkdən imtina etsəniz**

Addım 1. Kuryer imtinanı qeydə alacaq: sifariş nömrəsini, tarixi və imtina səbəbini qeyd edəcək.

Addım 2. Məhsul saxlanılmaq üçün Birmarket anbarına göndəriləcək.

Addım 3. Bundan sonra ödənişli saxlama və utilizasiya qaydaları tətbiq olunacaq (11.6 «Məhsulu qəbul etməkdən imtina edildikdə ödənişli saxlama» bölməsinə baxın).

**📄 11.3 Təzminat almaq üçün iddianı (claim) necə təqdim etmək olar?**

Məhsulu qəbul etdikdən sonra onun zədələndiyini, komplektin natamam olduğunu və ya siz göndərdiyiniz məhsulun əvəzinə başqa məhsul qaytarıldığını aşkar etsəniz, Dəstək xidməti vasitəsilə təzminat üçün müraciət edin.

**📎 Müraciətə əlavə edilməli materiallar**

- sifarişin nömrəsi və məhsulun adı;
- uyğunsuzluğun təsviri;
- təhvil-təslim aktı;
- məhsulun və qablaşdırmanın bütün tərəflərdən foto və video görüntüləri, həmçinin komplektin və qəbul zamanı aşkar edilmiş zədələrin fotoşəkilləri;
- məhsulun kuryerə təhvil verilməsi zamanı çəkilmiş video (əgər çəkilibsə).

💡 **Tövsiyə:** sifarişi kuryerə təhvil verərkən mütəmadi olaraq video çəkin. Video yoxdursa və məhsulun saz vəziyyətdə təhvil verildiyini təsdiqləyən başqa sübutunuz yoxdursa, bu, təzminatı almağınızı çətinləşdirə bilər.

**🗂 Təzminat müraciətinizə baxılma prosesi**

| **Mərhələ** | **Nə baş verir?** | **Müddət** |
| --- | --- | --- |
| Müraciət | Lazımi materialları əlavə etməklə Dəstək xidmətinə müraciət edirsiniz. | Məhsulu aldıqdan sonra ən geci 2 iş günü ərzində |
| Müraciətin yoxlanılması | Müraciət daxil olduqdan sonra sənədlərin və materialların tamlığı yoxlanılır, zərurət olduqda çatışmayan məlumatlar tələb olunur. Daha sonra müraciət qeydə alınır və foto-video materialları, məhsulun hərəkət statusları və hadisənin tarixçəsini yoxlayan müstəqil komandaya göndərilir. | Tam sənəd və materiallar toplusu alındıqdan sonra adətən 5 iş gününədək |
| Qərar | Təzminat məbləği və onun ödənilməsi üçün əsaslar müəyyən edilir. | Müraciətə baxılması üçün ümumi müddət çərçivəsində |
| Bildiriş | Qəbul edilmiş qərar, təzminat  məbləği və hesablanma qaydası barədə sizə məlumat verilir. | Qərar qəbul edildikdən sonra ən geci 1 iş günü ərzində |
| Ödəniş | Müsbət qərar olduqda vəsait sizə köçürülür. | Qərar qəbul edildikdən sonra ən geci 10 iş günü ərzində |
| Apellyasiya | Yeni sübutlarınız varsa və ya qərarda səhv olduğunu düşünürsünüzsə, bir dəfə apellyasiya verə bilərsiniz. | Bildiriş aldıqdan sonra 3 iş günü ərzində; cavab — 5 iş gününədək |

**Hansı hallarda təzminat ödənilmir?**

- Məhsul göndərildiyi vəziyyətdə geri qaytarılıbsa.
- Zavod qüsuru və ya məhsul bizə təhvil verilməzdən əvvəl yaranmış defekt aşkar edilibsə.
- Zədə qablaşdırmanın tələblərə uyğun olmaması səbəbindən yaranıbsa. Bu halda təzminat mütənasib şəkildə azaldıla və ya ümumiyyətlə ödənilməyə bilər.
- İddia gecikmə ilə və ya təsdiqedici materiallar olmadan təqdim edilibsə.
- Hadisədə sizin təqsiriniz müəyyən edilibsə.

**📄 11.6 Məhsulu qəbul etməkdən imtina edildikdə ödənişli saxlama**

Məhsulu ilk təhvilvermə cəhdi zamanı qəbul etməsəniz, aşağıdakı qaydalar tətbiq olunur:

| **Müddət** | **Şərt** |
| --- | --- |
| Məhsulun anbara daxil olduğu tarixdən etibarən ilk 3 təqvim günü | Ödənişsiz |
| 4-cü gündən başlayaraq | Ödənişli saxlama başlayır (tariflər aşağıda göstərilib) |
| 20 təqvim günü keçdikdən sonra, məhsul götürülməyibsə | Məhsulun utilizasiyasına başlamaq hüququmuz var |

**Ödənişli saxlama tarifləri (bir məhsul vahidi üçün gündəlik)**

| **Məhsulun növü** | **Tarif** |
| --- | --- |
| Paket | 2,23 AZN |
| Standart | 2,34 AZN |
| KQT | 7,51 AZN |
| KQT+ | 9,84 AZN |

Məhsulu götürmək və saxlama haqqının hesablanmasını dayandırmaq üçün Dəstək xidmətinə müraciət edin. Məhsulu anbardan götürə biləcəyiniz tarix və vaxt təyin ediləcək və təhvil prosesi rəsmiləşdiriləcək.

**📄 11.7 Tələb olunmayan məhsulların utilizasiyası**

- Utilizasiya ayda bir dəfədən çox olmayaraq, ayın son təqvim həftəsində həyata keçirilir.
- Utilizasiya həftəsi başlamazdan ən azı 7 təqvim günü əvvəl həmin vaxtadək anbarda 13 gündən çox saxlanılan və növbəti utilizasiya dövrünə daxil edilən məhsullar barədə sizə bildiriş göndəriləcək.
- Məhsul faktiki təhvil verilənədək və ya utilizasiya olunanadək saxlama haqqı hesablanmağa davam edir.
- Müqavilənin şərtlərinə uyğun olaraq utilizasiya xərcləri sizdən tələb oluna bilər.

💡 **Utilizasiyanın qarşısını necə almaq olar?** Bildirişi aldığınız tarixdən etibarən bir həftə ərzində məhsulu anbardan götürün. Bu halda məhsul utilizasiya dövrünə daxil edilməyəcək.

**📄 11.8 Tez-tez verilən suallar**

**Məhsulun açıq şəkildə zədələndiyini görsəm, onu qəbul etməkdən imtina edə bilərəm?** Xeyr. Məhsulu ilk təhvilvermə cəhdi zamanı qəbul etməli, zədələri təhvil-təslim aktında və foto/video görüntülərində qeydə almalısınız. Məhsulun vəziyyəti ilə bağlı etirazınızı qəbul etdikdən sonra iddia təqdim etməklə bildirə bilərsiniz.

**Məhsulun kuryerə təhvil verilməsi ilə bağlı videom yoxdur — təzminat ala bilərəm?** Videonun olmaması təzminatın avtomatik imtina edilməsi demək deyil. Müraciətiniz mövcud bütün sübutlar əsasında yoxlanılacaq: sifarişin sistem statusları, nəzarət mərhələlərində çəkilmiş fotoşəkillər və məhsulun hərəkət tarixçəsi. Video sizin mövqeyinizi əlavə olaraq təsdiqləyə bilər, lakin müraciətə baxılması üçün məcburi şərt deyil. Təzminat barədə qərar bütün materialların yoxlanılmasının nəticəsinə əsasən qəbul edilir.

**Təhvil-təslim aktını imzaladıqdan sonra zədə aşkar etsəm, nə baş verəcək?** Aktın imzalanması yalnız məhsulu qəbul etdiyinizi təsdiqləyir, onun vəziyyəti ilə razılaşdığınız demək deyil. Müəyyən edilmiş müddətdə iddia təqdim etmək hüququnuz qalır.

**Nə üçün mənə 100% deyil, yalnız qismən təzminat təsdiqlənib?** Təzminat məhsulun dəyərinin faktiki azalmasına uyğun hesablanır. Məhsul satış üçün yararlı vəziyyətdə qalıbsa (məsələn, endirimlə və ya open-box formatında satıla bilirsə), tam təzminat təyin edilmir.

**Qərarla razı deyiləm — nə etməliyəm?** Qərarı aldıqdan sonra 3 iş günü ərzində yeni sübutlar əlavə etməklə və ya hesablamada konkret səhvi göstərməklə Dəstək xidməti vasitəsilə apellyasiya təqdim edin. Apellyasiyaya başqa əməkdaş baxır.

**Məhsulu ümumiyyətlə götürməsəm, nə baş verəcək?** 20 təqvim günü saxlanıldıqdan sonra məhsul utilizasiya oluna bilər. Utilizasiyadan ən azı 7 gün əvvəl sizə bildiriş göndəriləcək. Məhsulu saxlamaq üçün həmin müddətdə anbardan götürün.